NODULYAR DERMATİT VİRUS XƏSTƏLİYİ
İribuynuzlu heyvanların nodulyar dermatiti (latınca dermatitis nodularis bovum, ingilis dilində isə limpy skin disease-adlandırılır) virus mənşəli olmaqla qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.
Yayılması. Xəstəlik ilk dəfə 1929-cu ildə Şimali Rodezidə (Afrikada yerləşir) aşkar olunmuşdur, kliniki əlamətləri isə 1931-ci ildə R.Mac Donald tərəfindən Zambiyada təsvir edilmişdır. Sonralar isə xəstəlik Cənubi Afrikanın əksər ölkələrində, eləcə də 1954-cü ildə Madaqaskarda aşkar edilmişdir. P.C.Lefevre və başqalarının müşahidələrinə görə, son onilliklər ərzində xəstəliyin Afrika kontinentinin əksər ölkələrində yayıldığını, eyni zamanda Hindistanın şimali-qərb ştatlarında qeydə alındığını R.M.Sharma göstərir.
İqtisadi zərəri. Xəstəlik nəticəsində ölüm halları 10%-dən yüksək olmur. Lakin bir çox tədqiqatçıların qənaətinə görə, süd və ət istehsalının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsi, inəklərdə cinsi siklin, törədici buğalarda müvəqqəti cinsi fəallığın pozulması iqtisadi zərərin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. D.R.Navathe(1978), R.M.Sharma(1962) və başqaları qeyd edirlər ki, həmin infeksiya Hindistana hər il 50 mln rupi ziyan vurur.
Bu sahədə uzun müddət işləyən, tədqiqat aparan L.Backstorm, R.M.Robinson və P.A.Alexander düyüncüklərin infeksion xarakterli olmasını müəyyən etmişlər. 1948-ci ildə Van der Ende, P.Alexander, Kipps həmin infeksiyanın törədicilərini yumurta embrionunda yetişdirmişlər. 1956-1957-ci illərdə isə P.Alexander, V.Plovight, D.Halg xəstə heyvanların patoloji materiallarını buzovun böyrək hüceyrələrində yetişdirməklə sitopatik hərəkətlərinə görə fərqlənən xəstəliyin virus amilli olduğunu aşkarlamışlar. Nəticədə həmin viruslar aşağıdakı 3 qrupa bölünmüşdür: 1.Orphelins; 2. Allerton; 3. Neethling.
İ.Pridie və V.Coackley 1959-cu ildə nodulyar dermatitin törədicisinin yalnız üçüncü qrup virusa aid olduğunu sübut etmiş və həmin törədicini çiçək virusu ailəsinə aid etmişlər. Antigen xüsusiyyətlərinə görə həmin amil qoyun çiçəyi virusuna uyğunluq baxımından daha yaxındır. İ.B.Capstic və başqaları 1961-ci ildə eksperiment şəraitdə Allerton virusu ilə heyvanların yüngül xəstələndiyini, Orphelins qrupuna aid olan virus isə heç bir kliniki dəyişiklik törətməməsini qeyd etmişlər.
Düyüncüklərin viruslu materialı toyuq embrionlarında, buzovların, quzuların və ada dovşanlarının ilkin hüceyrə toxumlarında çoxalır. Eksperimental yoluxmaya iri və xırdabuynuzlu heyvanlar, hind donuzları, siçanlar çox həssas, ada dovşanları isə az həssasdırlar. R.E. Veiss. 1959-cu ildə apardığı tədqiqatlara görə, törədicilər qida mühitinin pH (2 -10) radələrində dəyişikliyinə nisbətən davamlı olmasına baxmayaraq, 20%-li efir və xloroform məhlulu virusu inaktivləşdirir.
Epizootoloji məlumatlar. Təbii şəraitdə nodulyar dermatitə iribuynuzlu heyvanlar, xüsusən də cinsi yaxşılaşmış heyvanlar və zebular həssasdırlar. Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar və virus daşıyıcılarıdır. Xəstəliyin baş verdiyi ilk dövrlərdə naxırın 5-50%-i, ayrı-ayrı hallarda isə 75-100 %-i virusa yoluxa bilər.
İnfeksiya əsas etibarı ilə qansoran həşəratlar-ağcaqanadlar, milçəklər tərəfindən mexaniki yolla yayılır.
D.A.Haig 1955-ci ildə xəstəliyin ötürülməsində əsas amil kimi tüpürcəkdə və tüpürcək vəzində virusun yük-sək konsentrasiyada olması ilə izah edir.
Virusun quşlar vasitəsi ilə yayılması haqda da fikirlər yürüdülür. Düyüncük törədicilərinin təsərrüfatda yayılmasına səbəb qoyunların da rolunun olması haqda xəbərlər vardır. Bəzi müəlliflərin, o cümlədən B.H.Ali, H.M.Abeidin məlumatlarına görə Sudanda birinci dəfə xəstəlik yaxşı otlaq sahəsi və su mənbələri olan rayonda baş vermişdir.
D.R.Navathe və başqaları 1978-ci ildə Nigeriyada iribuynuzlu heyvanlar arasında xəstəliyi ən çox iyul-avqust aylarında (25-75%) qeyd etmişlər. İlin quraqlıq dövründə epizootiya müşahidə edilməmişdir. Həmin hallarda gövşəyən vəhşi heyvanlar arasında xəstəlik qeyd edilməmişdir. P.C.Leferre və başqaları 1979-cu ildə Afrika kontinentində epizootik vəziyyəti analiz edərək nodulyar dermatitin tədricən həmin kontinentin şimalına və qərb zonasına yayıldığı qənaətinə gəlmişdir.
Patogenezin lazımi səviyyədə öyrənilməməsinin səbəbi eksperimental şəraitdə tipik kliniki əlamətlərin çox vaxt müşahidə olunmaması ilə izah edilir. İribuynuzlu heyvanlar viruslu materialla dərialtı yolla yoluxdurduqda 4-7 gündən sonra həmin nahiyənin mərkəzində düyüncüklər olmaqla ətrafında 20 sm-ə qədər iltihabi proses gedir.
İltihabi proses dəri, dərialtı nahiyəni, bəzi hallarda əzələ toxumasını da əhatə edir. Yoluxmanın 7-19-cu günü 48 saat ərzində isitmə sonra isə generalizasiya prosesi müşahidə edilir.
Qanda virus 3-4 gündən sonra temperaturun qalxması və düyüncüklərin əmələ gəlməsi nəticəsində özünü biruzə verir. Həmin dövrdə virus qanla ağız boşluğunun, burunun, gözün, cinsiyyət yolunun selikli qişasına, tüpürcək, süd vəzilərinə, xayalara sirayət edir. Düyüncüklərin əmələ gəlməsi dərinin epitelial hüceyrələrinin giperplaziyası ilə müşayiət olunur. Dərinin derma hissəsinin şişkinliyi damarların trombozu nəticəsində ətraf toxumalar nekrozlaşır. İltihab prosesi limfa vəzilərini əhatə edir, lakin həmin prosesin mexanizmi axıra qədər öyrənilməmişdir. Limfa vəzilərinin, damarların iltihabı, xoralı yaraların əmələ gəlməsi, septik mürəkkəbləşmələr isə infeksiyanın nəticəsində baş verir.
Kliniki nişanələri. İnkubasiya dövrü təbii yoluxmada 2-4 həftə çəkir. Xəstəliyin iti forması ilk dövrlərdə isitmə (bədən temperaturu 40°C qədər artır), iştahanın zəifləməsi, gözdən yaş axması, burunun selikli qişasından axıntılarla müşayiət olunur. Xəstəliyin 48 saatından sonra dəri üzərində 0,2-5 sm ölçüdə girdə formalı səpgilər əmələ gəlir. Səpgilərin sayı dərinin hər yerində bir neçə yüzə qədər ola bilər. Dərialtı limfa vəziləri həcmcə böyüyür və aşkar müşahidə olunur. Xəstə heyvanlar sürətlə arıqlayır, süd verən heyvanlarda isə süd vəzilərinin mastiti nəticəsində süd azalır. Nadir hallarda sinir pozğunluğu və aqressivlik baş verir. Bəzi inəklərdə balasalma halları qeyd olunur.
Xəstəliyin ağır formasında uzun müddətli isitmə, iştahanın kəsilməsi, arıqlama baş verir. Bədən nahiyəsinin hər yerində və görünən selik qişalarda düyüncüklər əmələ gəlir, xəstəliyin ağırlaşma dövründə traxeyanın, udlağın zədələnməsi və bronxopnevmoniyanın nəticəsində heyvanlarda asfiksiya müşahidə olunaraq ölüm baş verə bilər. Nodulyar dermatitin iti formada keçdiyi halda dəridə nəzərə çarpan zədələnmələr qeyd olunmur. Xəstəlik qısa müddətli isitmə (2-5 gün) və iştahanın kəsilməsi ilə müşayiət olunur. Xəstəliyin atipik forması yeni doğulmuş buzovlarda fasiləli diareya, isitmə ilə özünü biruzə verir, kliniki əlamət kimi dəri örtüyündə heç bir dəyişiklik hiss olunmur. Yaşlı heyvanlarda iştahanın kəsilməsi, arabir isitmə halları hiss olunur. Nadir hallarda xəstəlik simptomsuz, lakin virusdaşıyıcılıq və virusneytrallaşdırıcı anticismlərin əmələ gəlməsi isə müşayiət olunur.
Patologoanatomik dəyişikliklər. Düyüncüklərin kəsiyində ağ bozumtul rəngində bərk konsistensiyalı birləşdirici toxuma nəzərə çarpır, dəri və dərialtı toxuma qırmızımtıl maye ilə dolu olur. Nekrozlaşmış düyüncüklər pıxtalaşmış kütlə halında düyüncüklərin dibində isə xoralar əlaməti olur. Düyüncüklər ağciyərin, mədənin, işgəmbənin və balalığın əzələ lifləri arasında da nəzərə çarpır.
Plevral pərdədə, ürək əzələlərində, qaraciyərdə qansağıntıları qeyd olunur. Histomorfoloji dəyişikliklər prosesin inkişaf mərhələsindən asılı olur. Xəstəliyin ilk dövrlərində epitelial hüceyrələr həcmcə böyüyür və onlarda vakuollar əmələ gəlir. Düyüncüklərin histokəsiyində çox vaxt nüvədən böyük olmaqla girdə və ya uzunsov törəmələr qeyd olunur. Həmin törəmələr epitelial hüceyrələrdə və histocitlərdə aşkar olunur.
Diaqnoz və differensial diaqnoz. Düyüncüklərin tipik forması asanlıqla müəyyən olunur. Atipik və sporadik halları aşkar etmək çətindir. Belə hallarda virusu ayırıb indentifikasiya etmək lazımdır. Kliniki diaqnozu epizootoloji məlumatlar və
simptomatik xüsusiyyətlər əsasında qoymaq olur. Nodulyar dermatitin xarakterik əlamətləri düyüncük-lərin orqanların seroz və selikli qişasında əmələ gəlməsi, səthi limfa vəzilərinin reaksiyası ilə səciyyələnir. Yekun diaqnoz laboratoriya müayinələri nəticəsində qoyulur. Dərinin histopatoloji kəsiyində epitelial hüceyrələrdə sitoplazmatik törəmələr aşkar olunur. Həmin törəmələri düyün-cüklərin 90%-də aşkar etmək olur. Virus toxuma kulturasında neytrallaşma reaksiyası vasitəsi ilə ayrılır və identifikasiya edilir. Differensial diaqnoz zamanı xəstəliyin ilkin dövrünün böyük əhəmiyyəti vardır. Xəstəliyi streptotrixoz, onxoserxoz, dəri vərəmindən, eləcə də həşaratların və ilanların sancması zamanı dərinin dəyişməsi hallarından təfriq etmək lazımdır.
Nodulyar dermatit zamanı adətən xəstə heyvan sağalır. Ölüm halları 10%-dən artıq olmamaqla 1-2% təşkil edir. Xəstəliyi keçirmiş heyvanlarda immunitet əmələ gəlir. Heterogen vaksinlə peyvənd olunmuş heyvanlarda immunitet 2 ilə qədər qalır. Hazırda ən çox Neethling ştammından lioflizasiya edilmiş kultural vaksin tətbiq edilir. Həmin vaksin 3 il ərzində immunitet saxlayır. Cənubi və Şimali Afrikanın bir çox ölkələrində milyonlarla heyvan müsbət nəticə ilə peyvənd edilmişdir.
Profilaktika və mübarizə tədbirləri. Spesifik mübarizə tədbirləri işlənib hazırlanmamışdır. Xəstələnmiş heyvanların 90%-i sağalır. Heyvanlar üçün yaxşı saxlanma və yemləmə şəraiti yaradılmalıdır. Dezinfeksiya maddələri ilə duş qurğuları vasitəsi ilə heyvanları çimizdirmək lazımdır.
Xəstəlikdən sağalmış heyvanlarda yenidən yoluxmaya qarşı güclü immunitet yaranır. Bəzi ölkələrdə Klaveli virusundan alınmış kulturalar heterogen virus vaksini tətbiq edərkən qoyunlarda iribuynuzlu heyvanların düyüncüklü dermatitinə oxşar dəri sindromu əmələ gəlir. Nodulyar dermatitə qarşı qoruyucu karantin tədbirləri Afrika və Madaqaskarda arzu olunan nəticəni verməmiş, xəstəlik tədricən Cənubi-Şimali və Qərbi Afrika zonasında yayılmışdır. Yayılma arealının səbəbi isə yəqin ki, xəstəliyin epizootologiyasının az öyrənilməsi, xəstəliyin mənbəyinin qeyri-dəqiqliyi hesab edilir.
Xəstəliyin baytarlıq-sanitariya profilaktikasında vahid sistem işlənib hazırlanmamışdır. Ayrı-ayrı ölkələrdə, o cümlədən Mozambik, Madaqaskar və CAR-da heyvan sahibləri xəstəliyin baş verməsi haqda baytarlıq xidmətinə xəbər versələr də xəstəlik qeydə alınır. Bununla belə diri heyvanın və dərinin daşınması qadağan edilir, xəstə və şübhəli heyvanlar izolyasiya edilir. Ölmüş heyvanların cəsədləri yandırılır, yaxud yerə basdırılır. Südün əmtəəsinə qadağa qoyulur, kliniki əlamətləri olan heyvanlar məhv edilir. Mozambikdə qeyri-sağlam zonalarda xəstəliyin qarşısını almaq məqsədi ilə vəhşi heyvanlar məhv edilir. FAO-nun təklifinə əsasən qeyri-sağlam rayonlarda heyvanların daşınmasına, xəstəlik baş verən ölkələrin ərazisindən heyvan məhsullarının keçirilməsinə icazə verilmir. Qeyri-sağlam ocaqlarda dezinfeksiya və dezinseksiya tədbirləri aparılır. Baytarlıq-sanitariya tədbirləri ilə birlikdə kompleks spesifik profilaktika tədbirlərin aparılması xəstə heyvanların məhv edilməsi nəticəsində xəstəliyin ləğv edilməsi sahəsində yaxşı nəticə almaq olar.
QARAMALIN PARAQRİPİ
Qaramalın paraqripi iti gedişli virus xəstəliyidir, yüksək temperatur, yuxarı tənəffüs yollarının kataral iltihabı, bəzi hallarda isə pnevmoniya ilə səciyyələnir.
Törədicisi. RNT-li virusdur.
Epizootologiyası. Bu virusa əsasən sağlam heyvanlar 10 günlükdən başlayaraq yoluxurlar. Bir ildən yuxarı cavanlar nadir hallarda yoluxurlar, yaşlı heyvanlar isə xəstəliyi gizli keçirirlər.
İnfeksiyanın mənbəyi xəstə heyvanlardır. Onlar virusu tənəffüs havasının və burun axıntılarının tərkibində ətrafa yayırlar. Xəstə heyvanların südünün içilməsi də xəstəliyə yoluxmaya səbəb ola bilər. Klinik sağlam ev heyvanları virusun daşıyıcısı ola bilərlər.
Yoluxma əsasən aerogen yolla baş verir, lakin alimentar və genital yoluxma da mümkündür.
Xəstəlik faktorlardan çox asılı olur. Burada mikro və makroorqanizmlərin qarşılıqlı əlaqəsi və vəziyyətləri əsas rol oynayır. Düzgün yemləmə və bəsləmə şəraitində xəstəlik adətən baş vermir. Körpə heyvanlar ana südü ilə bəsləndikdə, südün tərkibindən aldıqları əkscisimlərin hesabına 6 aylığadək xəstəliyə yoluxmurlar.
İmmunitet. Xəstəlikdən sağalan heyvanlar bir daha bu xəstəliyə tutulmurlar. Lakin immunitetin yaranma mexanizmi tam aydınlaşdırılmamışdır.
Klinik əlamətləri. Bu xəstəlik çox zaman bakteriya etiologiyalı xəstəliklərlə qarışıq gedir. Virus patogen bakteriyalardan koklar, pastrellalar, mikoplazmalar və digər viruslarla assosiasiya halında simptomokompleks əmələ gətirirlər. İnkubasiya müddəti 1-5 gündür. Xəstəlik adətən iti gedişli olur. Əsas klinik əlamətləri bunlardır: zəiflik, yem .və sudan imtina, təngnəfəslik, taxikardiya, yüksək (42 °C-dək) temperatura. Bir neçə gün keçdikdən sonra isə xəstələrin burun dəliklərindən selikli və hətta irinli axıntı gəlir, öskürək və xırıltı eşidilir.
Heyvan orqanizmi zəif olduqda, bir tərəfdən də əgər bəsləmə və. yemləmə düzgün təşkil edilmədikdə, şərti patogen mikrobların da ikinci tərəfdən təsiri ilə patoloji proses xeyli mürəkkəbləşir və ağır gedişli pnevmoniya ilə nəticələnir.
Epizootik vəziyyəti ağırlaşdıran amillərin təsirindən zəif və çox istismar olunan heyvanlarda ildırımvari gedişli xəstəlik inkişaf edir ki, belə hallarda 1-2 sutkaya heyvan ölür.
Patoloji-anatomik dəyişikliklər. Əsas patoloji dəyişikliklər yuxarı tənəffüs yollarında gedir: çoxlu miqdarda selikli eksudata, nöqtəvari qan sağıntılarına, ağciyərlərdə pnevmoniya xarakterli əlamətlərə rast gəlinir. Yarma zamanı bəzi hallarda plevrit müşahidə olunur.
Diaqnozu. Diaqnoz epizootoloji, klinik, patoloji anatomik və laborator müayinələrinin nəticələri əsasında qoyulur. Klinik əlamətlər tam xarakterik olmadığı üçün laboratoriya müayinələri ön plana çıxır (virusoloji və seroloji reaksiyalar).
Heyvan öldükdən 2 saatdan gec olmamaq şərti ilə laboratoriyaya burun seliyi, limfa düyünləri, ağciyərlər göndərilir.
Müalicəsi. Müalicə tədbirləri orqanizmin müqavimətinin gücləndirilməsinə və bakterial mikroflora ilə çirklənmənin qarşısının alınmasına yönəldilməlidir. Bu məqsədlə müxtəlif seroterapiya üsullarından, tənəffüs yollarının mikroflorasına güclü təsir edə bilən antibiotiklərdən və sulfanilamid preparatlarından istifadə edilir.
Profilaktika və mübarizə tədbirləri. Heyvanların ilk növbədə tam dəyərli yemləndirilməsinə və düzgün bəslənməsinə fikir verilməlidir. Paraqrip-3-ün fəal immunizasiyası üçün monovaksinlə yanaşı paraqrip-3 və yoluxucu rinotraxeit əleyhinə vaksindən, passiv profilaktika üçün isə xəstəlikdən sağalmış heyvanların qan serumundan istifadə olunur. Əkscisimlərin titri 1:160 və daha yuxarı olmalıdır.
Kütləvi halda müalicə üçün serumu generatorun köməyi ilə heyvanvanlar yerləşdirilmiş binanın havasına hər kubmetr havaya 1,2 ml hesabı ilə püskürtmək olar. Serum burundaxili və əzələiçi də tətbiq edilə bilər.
KOMPİLOBAKTERİOZ
Xəstəlik cinsiyyət üzvlərinin iltihabı, balasalma və qısırlıq hallarının qeyd edilməsi ilə xarakterizə olunur. İnsanlar da xəstələnirlər.
Törədicisi. Polimorf, hərəkətli, qrammüsbət mikroblardır. Patoloji materialdan hazırlanmış yaxmalarda vergül, uçan qağayı və ya «S» hərfinə bənzər şəkildə görünürlər.
Epizootoloji məlumat. Kompilobakteriyaların mənbəyi vəhşi, ev və kənd təsərrüfatı heyvanları sayılır. İnsanlar mikrobla yoluxmuş heyvani mənşəli qidalarla-ət, cücə, çiy süd istifadə etdikdə xəstələnirlər. Mikroblar insanlar, heyvanlar və quşlar arasında asanlıqla qarşılıqlı yoluxmaya səbəb ola bilirlər. Törədicinin mənbəyi balasalmış heyvanlar və yoluxmuş törədici buğalar hesab olunur.
Qaramalın yoluxması cinsi yolla-həm təbii, həm də süni mayalanma zamanı baş verir; qoyunlar isə alimentar yolla-yem və su vasitəsilə yoluxurlar. Balasalma bir boğazlıq ərzində baş verir, sonrakı boğazlığa sanki heç bir patoloji təsir olunmur. Təkrar balasalma nadir hallarda baş verə bilər.
Klinik əlamətləri. İnkubasiya dövrü 3-5 gündür. Qeyri-sağlam təsərrüfatlarda inəklər arasında qısırlıq halları çoxalır, çərəaxıtma arasındakı cinsi sakitlik mərhələsi 30-60 gün və daha artıq müddətə uzanır, balasalma boğazlığın 4-7 ayında baş verir, çox vaxt son ləngiyir və cinsiyyət yollarının müxtəlif iltihabları inkişaf edir. Törədicilərdə infeksiya latent (gizli) keçir, danalarda isə həzm sistemində pozğunluqlar qeyd edilir.
Kompilobakteriozun qoyunlarda əsas əlaməti-boğazlığın ikinci yarısında kütləvi balasalma hesab olunur. 10-70% ana qoyunlar bala salırlar.
Patoloji-anatomik dəyişikliklər. Düşmüş balanın dərialtı toxuması və əzələləri şişkin olur. Döş və qarın boşluğunda qanlı yığıntı, şirdanda qəhvəyi rəngli bulanıq eksudat; daxili orqanlarda qan sağıntıları tapılır. Döl pərdələri şişkinləşmiş, yapışqanvari selikli-irinli eksudat, qan sağıntıları və nekroz ocaqları qeyd olunur.
Diaqnozu. Balasalma halları, qısırlıq kompilobakterioza şübhə doğurur. Mikrobun laboratoriyada kulturasını almaq lazımdır. Laboratoriyaya salınmış bala bütöv halda və ya proses getmiş dölətrafı pərdənin bir hissəsi, inəklərin balalıq yollarından alınmış selik, preputsiya boşluğundan götürülmüş eksudat və buğaların
sperması göndərilir. Qaramalda diaqnostika üsulu kimi vagina seliyi, qoyunlarda isə qan serumu ilə aqqlütinasiya reaksiyasından istifadə olunur.
Təfriqi diaqnoz. Brusellyozu, trixomonozu, listeriozlu, qoyunlarda isə həmçinin salmonellyozu və xlamidiyalı balasalmanı istisna etmək lazımdır.
Müalicə. Kompilobakterioz zamanı ümumi və yerli təsirli vasitələrdən (streptomitsin, penisillin, bitsilin-3, oksitetrasiklin və s.) istifadə olunur. Endometritlər zamanı inəklərin müalicəsi furasillin (l:5000), etakridin (1:1000), levotetrasulfm, levotetrasiklin məhlullarının püskürdülməsi yolu ilə və köpüklənən balalıq qarışıqları ilə aparılır. Balalığa antibiotiklər yeridilir. Eyni zamanda gündə iki dəfə olmaqla 3 gün ərzində hər 1 kq diri kütləyə 4000 tv hesabı ilə penisillin və streptomitsin əzələ daxilinə yeridilir.
Profilaktika və mübarizə tədbirləri. Damazlıq heyvanları kompilobaklerioza görə sağlam təsərrüfatlardan almaq lazımdır. Profilaktiki karantin zamanı onlar bakterioloji üsulla kompilobakterioza görə yoxlanılır. İnək və düyələrin sağlam törədicilərin sperması ilə süni mayalandırılmasının kompilobakteriozun profilaktikasında çox böyük rolu vardır. Kompilobakterioza görə qeyri-sağlam damazlıq təsərrüfatlarında damazlıq buğaları və sağlam cavanları vaksinasiya edirlər.
Kompilobakterioza diaqnoz qoyulduqda təsərrüfat (ferma, sürü) l) bu xəstəliyə görə qeyri-sağlam elan edilir. Heyvanların kənara çıxarılmasına qadağa qoyulur. İnək və düyələr sağlam törədicilər tərəfindən mayalandrılır. İkinci mayalanmadan 10-12 saat sonra balalığa 100 min tv penisillin və streptomitsin 20 ml-lık fizioloji məhlulla yeridilir. Damazlıq cavanlar 2-3 həftəlik yaşdan sonra qeyri-sağlam sürüdən ayrı saxlanmalıdır. Qaramal vaksinasiya olunur.
Salınmış bala, patoloji tullantılar və döşəmə materialı yandırılır və ya basdırılır. Binalar yeni sönmüş əhəngin 10-20%-li məhlulu və ya 2%-li natrium qələvisi ilə dezinfeksiya edilir.
Qovunların kompilobakteriozu zamanı xəstələr seçilir və müalicə olunur, yerdə qalanlar sağlam otlaqlara dəyişdirilir.
Təsərrüfat axırıncı xəstə heyvanın müəyyən edilməsindən keçən 12 ay ərzində mikrobun kulturası alınmadığı və baytar-sanitar tədbirləri kompleks şəkildə həyata
keçirildikdən sonra sağlam elan edilə bilər.
QARAMALIN PLEVROPNEVMONİYASI (QPP)
Xəstəlik, krupoz pnevmoniya və plevritlə keçərək sonrakı mərhələlərdə ağciyərlərdə anemiyalı nekrozlar əmələ gəlməsi ilə nəticələnir.
Törədicisi. Kok, sap, budaqlanan və ulduzlu polimorf, aerob, qrammənfi mikroblardır.
Bakterial süzgəclərdən keçir, hərəkətsizdir, mikoplazmalar qlükoza və qan serumu əlavə edilmiş marten aqarında yaxşı boy verir. Bərk elektiv qidalı mühitlərdə amil mərkəzi qabarıq koloniyalar yaradır, maye qidalı mühitlərdə zəif bulanma və mühitin üzərində zərif pərdə əmələ gətirir.
Epizootoloji məlumat. Qaramal həssasdır. Xroniki xəstə heyvanlarda xəstəliyin tipik əlamətləri görünmədiyi üçün çox təhlükəlidirlər. Yoluxma xəstələrlə sağlamlar birgə saxlandıqda hətta qısamüddətli kontakdan sonra belə baş verə bilir. Törədici xəstənin ifrazat və eksudatlarının tərkibində ətrafa çıxarılır. Mikrob kapsula içərisinə alınmış ağ ciyər ocaqlarında uzun müddət (14 aya kimi) sağ qala bilər. QPP-nın epizootiyası illərlə davam edə bilər.
Klinik əlamətləri. İnkubasiya dövrü 2-4 həftədir. İldırımvari, iti, yarımiti və xroniki, həmçinin atipik gedişli formaları vardır.
İldırımvari gediş zamanı plevra və ya ağciyər zədələnir, tənəffüs çətinləşir, fasiləli olur, öskürək başlayır. İştaha kəsilir, gövşəmə olmur, diareya inkişaf edir. Heyvan xəstəliyin 2-8-ci günlərində ölür.
İti gediş zamanı öskürək və bədən temperaturunun nisbətən yüksəlməsi qeyd edilir. Sonra temperatura 42°C-dək yüksəlir. Hərarət daimi xarakterlidir. Tənəffüs tezləşir və səthidir, ürək vurğuları zəifləyir. Heyvanın ümumi vəziyyəti ağırlaşır, öskürək əvvəlcə quru, qısa, ağrılı, sonra isə küt, güclü və nəm olur. Burun dəliklərindən axıntı çoxalır. Ağciyərlər adətən birtərəfli iltihablaşır, bəzən ikitərəfli pnevmoniya inkişaf edir. Döş qəfəsinin aşağı tərəfində və ətrafında şiş əmələ gəlir. Əvvəlcə yaranan qəbizlik sonradan ishala keçir. Xəstə heyvanlar 14-28 günə ölürlər (ölüm 70%-dəkdir)
Bəzən xəstəlik yarımiti və xroniki xarakterli olur. Tam sağalma adətən olmur. Öskürək zamanı irinli kütlə xaric olur. Xroniki xəstələrin əksəriyyəti ölür və ya ət kəsiminə verilir.
Xəstəliyin atipik forması qısamüddətli hərarət, zəiflik, iştahın pozulması və ötəri öskürək ilə keçir. 6 aylıq buzovlarda artritlər qeyd olunur.
Patoloji-anatomik dəyişikliklər. Çox zaman ağciyərlərin arxa və orta paylarında proses gedir. Pozulmuş sahələr ağciyərlərin səthindən yuxarı qalxır, bərkiyir. Kəsildikdə müxtəlif dərəcəli hepatizasiya aşkar olunur. Ağciyərlərin parçalanması, birləşdirici toxuma əmələ gəlmələri (qırmızı-sarı rəngli) ilə dolur və bunlarda böyümüş limfa düyünləri görünür, bu mənzərə mərmər bənzəyişli olduğu üçün böyük diaqnostik əhəmiyyət daşıyır. Sonrakı mərhələlərdə sekvestrlər-ətrafı birləşdirici toxumdan ibarət kapsula ilə əhatələnmiş ölü toxuma sahələri əmələ gəlir. Çox vaxt plevra iltihablaşır və proses inkişaf etdikcə, onların arasında birləşmə gedir. Döş boşluğunun limfa düyünləri şişkinləşir, nekroz ocaqları ilə dolur.
Diaqnozu. Diaqnoz epizootoloji məlumatlara (ancaq qaramal xəstələnir, inkubasiya dövrü çox uzun olur, epizootiya zəif inkişaf edir), klinik əlamətlərə (pnevmoniya, plevrit), patoloji-anatomik dəyişikliklərə (ağciyərlərin, plevranın xarakterik dəyişiklikləri, sekvestrlərin olması) və laboratoriya müayinələrinin nəticələrinə əsasən (bioloji sınaq, bakterioloji müayinə) qoyulur.
Təfriqi diaqnoz. QPP pasterellyozdan, exinokokkozdan, qeyri-yoluxucu krupoz pnevmoniyadan fərqləndirmək lazımdır.
Müalicə. Xəstəliyin yayılması çox təhlükəli olduğundan xəstə heyvanların müalicəsinə icazə verilmir. Onlar öldürülməlidirlər.
Profilaktika və mübarizə tədbirləri. Azərbaycan QPP üzrə sağlam ölkədir. Əsas diqqət xəstəliyin kənardan gətirilməsinin qarşısının alınmasına yönəldilməlidir. Bununla əlaqədar olaraq damazlıq heyvanların QPP ilə qeyri-sağlam ölkələrdən gətirilməsi qadağan edilməlidir.